İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol.
Bu gün havadan danışacağıq. Bu, hamıya lazım olan mövzudur. Çünki hava haqqında bilmək hamıya hava, su kimi vacibdir.
Bu dəfə başqa “hava”dan danışacağıq. Tamamilə yeni bir üsulla.
Başqa mövzular haqqında daha çox danışmaq üçün (talk up a storm) ingilis dilində hava haqqında idiomlardan necə istifadə edəcəyimizi öyrənəcəyik.
İngilis dilində hava ilə bağlı idiomları niyə öyrənməliyik?
Onlar gündəlik danışıqda istifadə olunur.
İngilis dilində hava ilə bağlı ifadələri öyrənmək bu dildə anlamaq qabiliyyətinizi artıracaq. Onlar xüsusilə dialoqlarda tez-tez istifadə olunur. İngilislər gün ərzində bəzən bir neçə dəfə bu idiomlardan istifadə edirlər.
Mürəkkəb fikirləri ifadə etməyə imkan verir.
Hava ilə bağlı işlənən bu idiomlar əksər mövzulara uyğundur. Onlar metaforikdirlər.
Bu ifadələr mədəni anlayışınızı artıracaq.
Xöşbəxtlik necə günəş işığı kimi ola bilər? Daşürəkli insan necə buz kimi ola bilər? Niyə yağış çətinlik deməkdir?
İnsanlar dili formalaşdırdığı kimi dil də insanları formalaşdırır. İngilis dilində hava ilə bağlı idiomları öyrəndiyinizdə özünüzü daxilən ingilis dilinə daha yaxın hiss edəcəksiniz. Bu isə dil daşıyıcılarının müxtəlif fikirləri necə düşündüyünü daha yaxşı anlamaq deməkdir.
Bu ifadələr nitqinizi daha maraqlı edəcək.
Nitqinizə hava ilə bağlı ifadələr qatmaq danışığınızı daha rəngli, daha maraqlı etməyə kömək edəcək. Onlar özünüzü daha fərqli yollarla ifadə etmək üçün nitqinizə incə fərq qatacaq.
İngilis dilində hava ilə bağlı idiomları necə öyrənə bilərəm?
Əmin olun ki, ingilis dilində hava ilə bağlı ifadələr faydalı ola bilər. Onlar ingilisdilliləri daha yaxşı anlamağa və “ingilis” kimi düşünməyə kömək edir. Onların sayı çoxdur. Bəs u idiomları necə öyrənə bilərsiniz? Onlar üzərində çalışmağın ən yaxşı yolu hansıdır?
Onları hekayələrdən oxuyun.
Komik hekayələr, uşaq kitabları və romanlarda hava ilə bağlı idiomlara rast gələcəksiniz. “The peculiar stories behind raining cats and dogs and other idioms” (yağış sanki vedrədən tökülürmüş kimi yağır) adındakı hava ilə bağlı idiom da daxil olmaqla ingilis dilində bir çox idiomları araşdıran uşaq kitabıdır.
Videolardan öyrənin.
Hava ilə bağlı idiomlar televiziya verilişləri və filmlərdəki obrazlar tərəfindən tez-tez istifadə olunur. Filmlərdə dialoqlarda onlara rast gələ bilərsiniz. Hətta bəzən xəbərlərdə də istifadə olunur.
Qeyd dəftəri tutun.
Hava ilə bağlı öyrəndiyiniz idiomları bir qeyd dəftərinə yazın. Hətta telefonunuzdakı “notes” yerindən də bu məqsədlə istifadə edə bilərsiniz. Vaxtınız olanda onları ucadan oxuyun. Daha çox çalışmaq üçün daxilində idiomlar işlənən cümlələr yazın.
Onları nitqinizə daxil edin.
İngilis dilində dostlarınızla danışarkən bu idiomlardan istifadə etməyə çalışın. Dostlarınız bu deyimlərdən istifadə edərkən onları diqqətlə dinləyin. Heç vaxt eşitmədikləriniz və ya anlamadıqlarınız haqqında soruşmaqdan çəkinməyin.
İNGİLİS DİLİNDƏ HAVA İLƏ BAĞLI 40 İDİOM
Yağış papağınızı və gün eynəyinizi götürün, çətirinizi də unutmayın! Bütün hava şəraitləri bağlı idiomlar haqqında danışmaq vaxtıdır.
Ümumi hava deyimləri
- Under the weather
Əgər “under the weather” deyimi ilə rastlaşmısınızsa, bu, özünü yaxşı hiss etməmək deməkdir. Bu termin əslən “under the weather bow” frazeoloji birləşməsindən gəlir.
Buradakı “weather bow” güclü yağış və tufan kimi pis hava şəraitində sığınmaq üçün gəminin bir hissəsi idi. Dənizçilər dəniz xəstəliyinə tutulmamaq üçün göyərtənin altına düşərdilər. Başqa sözlə desək, “under the weather bow”, yəni hava yayının altında olardılar. Zaman keçdikcə hətta insanlar xəstə hiss etdiklərini bildirmək üçün quruda da bu ifadədən istifadə etməyə başladılar.
- Fair-weather friend
“Fair” sərin, xoş və günəşli havadır. Nə çox isti, nə də çox soyuqdur. Xüsusilə də bayırda əylənmək üçün əladır.
“Fair-weather friend” isə yalnız yaxşı gününüzdə, əylənərkən, pul xərcləyərkən yanınızda olan biri, yəni yaxşı gün dostu deməkdir.
Həyatınızda pis hadisə baş verəndə yaxşı gün dostunuzun anidən başqa planları olduğu ortaya çıxacaq.
- Weather the storm
Bu ifadə sizi bir az çaş-baş sala bilər. İngilis dilində “weather” yəni hava dedikdə bayırda necə isti və ya soyuq, ya da nəsə yağışlı, qarlı, küləkli və ya günəşli olduğunu nəzərdə tuturuq.
“Weather” həmçinin bir feil də ola bilər.
“Weather the storm” ifadəsində isə “weather” keçmək və ya sağ qalmaq deməkdir. “The storm” isə bu frazeolji birləşmədə hər hansı bir çətinliyi, çətin dövrü bildirir. Birlikdə isə bu idiom çətin bir sınaqdan qurtulmaq, keçmək, pis günləri geridə qoymaq deməkdir.
Məsələn:
“Fred is going through a hard time right now, but he’ll weather the storm.” (Fred hal-hazırda çox çətin bir dövrdən keçir, ancaq o, bu pis günləri geridə qoyacaq.)
- Keep a weather eye on someone/something
“Weather eye” kiminsə gözündəki yağış, qar və ya gün işığı demək deyil. “Weather eye” diqqətli baxışdır. Hava çox sürətli dəyişdiyi üçün onu diqqətlə izləməlisiniz. Qəfil baş verəcək bir fırtınayla təəccüblənmək istəmərik.
“Keep a weather eye on someone or something” kimsə və ya nəsə haqqında narahat olmaq deməkdir. Narahatsınız ki, ani bir dəyişiklik problem yarada bilər.
Məsələn:
“Gary is keeping a weather eye on the stock market because he’s worried about a crash.” (Qari iflasa uğramaqdan qorxduğundan fond birjasını diqqətlə izləyirdi.)
Yağış idiomları
- It’s raining cats and dogs
Bu, güclü yağış yağır deməkdir.
Bu frazeolji birləşmə dünyadakı qəribə hadisələrdən irəli gələ bilər. Yüz illərdir insanlar heyvan yağışlarından bəhs edir. Onlar qeyd ediblər ki, səmadan yağış kimi balıq, qurbağa, quş və ilanlar kimi heyvanlar yağır.
- When it rains, it pours
Bu ifadədə “rain” baş verən pis bir şeyi ifadə edir. Həyatı çətinləşdirən və ya planlarınızı korlayan bir şey haqqında danışmağın bir üsuludur.
“It pours” eyni vaxtda baş verən bir çox pis şeyi bildirir. Britaniya ingilis dilində işlənən “it never rains, but it pours” ifadəsi “when it rains, it pours” ifadəsi ilə eyni mənanı ifadə edir. Hər şeyin pis getdiyi bir vəziyyətdən bəhs etmək üçün bu hava idiomundan istifadə edə bilərsiniz:
“First, my alarm clock didn’t go off, so I overslept. Then, my power went out, so I couldn’t make coffee. When I finally got to the empty office, I realized that it was Saturday. When it rains, it pours!” (Birinci, zəngli saatım çalmadı, yatıb qaldım. Kofe düzəldə bilmədiyimdən enerjim tükənmişdi. Nəhayət boş ofisə çatanda anladım ki, şənbə günüdür. Hər şey üst-üstə gəldi.)
- Right as rain
“Rain” yağış hər zaman pis bir şeyin işarəsi deyil. Bu idiomda hər şey axarında gedir və ya kimsə daha yaxşı hiss edir deməkdir.
Məsələn:
“Barney was feeling under the weather yesterday, but he got a good sleep last night. Now he’s right as rain!” (Barni dünən özünü pis hiss edirdi, ancaq keçən gecə yaxşı yatdı. İndi çox yaxşıdır.)
Bu, o deməkdir ki, Barni özünü artıq xəstə hiss etmir. O, çarpayısında uzanıb dincələrək sağlamlıq problemini həll etdi və indi normal vəziyyətdədir.
- Take a rain check
“Rain check” yaş bir pul növü kimi qəribə bir şey deyil. Buradakı “check” sözü “ticket”, bilet mənasında işlədilir, restoranda pencəyinizi və ya papağınızı verərkən sizə verilən “hat check” və ya “coat check”, yəni qarderob nömrəsi ilə eyni mənadadır.
“Rain check” bir şeyi daha sonra yenidən etmək üçün şans verilməsidir.
Əgər birinə “I’ll take a rain check” desəniz, bu, o deməkdir ki, bir tədbir, xidmət və ya məhsulu hazır olanadək gözləməyə hazırsınız. Bu, “gecikmənin səbəbini anlayıram, daha sonra edərik” deməyin başqa bir yoludur.
- Saving for a rainy day
“Rain” bu ifadədə xoş olmayan bir şeyi ifadə edir. “A rainy day” işlərin pis getdiyi zamandır.
“Here’s that rainy day” 1950-ci illərdə çıxan məşhur bir ingilis mahnısıdır. Bu mahnıda “rainy day” sonu hüznlə bitən sevgi macərasını bildirir. “Saving for a rainy day” dar günlər üçün pul yığmağa çalışmaq deməkdir.
“Peggy isn’t spending all of her salary. She’s saving for a rainy day.” (Peggi bütün maaşını xərcləmir. O, pis günlər üçün pul yığır.)
Bu, o deməkdir ki, Peggi hər hansı böyük xərcə ehtiyac olması ehtimalına qarşı bankda pul yığır. “Rainy day” plana uyğun getməyən şeylər üçün əlavə zamanın olması da ola bilər.
Məsələn:
“I’m sorry we had to take a rain check on that concert, but we can watch this movie instead. I’ve been saving it for a rainy day.” (Üzr istəyirəm, konsertə girş bileti almalıydıq, ancaq onun yerinə bu filmi izləyə bilərik. Bu filmi hər ehtimala qarşı saxlamışdım.)
- Come rain or shine
Bu idiomda iki əks hava şəraiti, yağış və gün işığı qarşı-qarşıya qoyulub. Bu isə “nə olursa olsun” deməkdir.
“Come rain or come shine” bu adlı məşhur bir klassik mahnı var. Bu mahnıda “happy together, unhappy together” (birlikdə xoşbəxt, birlikdə bədbəxt olmaq) və “we’re in or we’re out of the money” (gah pulumuz var, gah da yoxdur) kimi başqa qarşılaşdırmalar da var. “Come rain or shine” ifadəsi isə nə olursa olsun gəl deməkdir.
Göyqurşağı ilə bağlı idiomlar
- A pot of gold at the end of the rainbow
“A pot of gold at the end of the rainbow” heç vaxt sahib olmadığınız möhtəşəm bir şeyi bildirir.
Bu ifadə çəkməçi sehrli cırtdandan bəhs edən İrlandiya əfsanəsindən götürülüb. Hekayədə cırtdan (at the end of the rainbow) göyqurşağının sonunda, onun yerə toxunduğu yerdə qızıllarını gizlədir.
Əlbəttə, heç vaxt göyqurşağının sonuna çata bilməzsiniz. Buna görə də əsrarəngiz “pot of gold”, yəni qızıl qazanı sadəcə təxəyyül məhsuludur.
- Chasing rainbow
Hətta göyqurşağının gerçək olmasına baxmayaraq, onlara yaxınlaşdıqca yoxa çıxırlar.
Əgər kimsə mümkün olmayan bir məqsədə çatmaq üçün çalışırsa, “you`re chasing rainbow” (boş-boşuna çalışırsan) ifadəsini işlədə bilərsiniz.
- Life isn’t all rainbows and unicorns (or sunshine)
Göyqurşaqları real olmayacaq qədər çox gözəl görünür.
Təkbuynuzlar fantastik və ya sehrli bir şeyin simvoludur və əksər insanlar onlara inanmır. (İngilis dilində əlavə dərs kimi təkbuynuz haqqında gülməli, qısa hekayəni oxumağa çalışın.)
Gün işığı sadəcə gözəldir. O, insanları təmiz, problemsiz xöşbəxtlik haqqında düşünməyə vadar edir.
Kiminsə həddən artıq idealist, çox xəyalpərəst olduğunu düşündüyünüz zaman ona “life isn’t all rainbows and unicorns” (həmişə güllük-gülüstanlıq olmur) deyə xatırlatma edə bilərsiniz. Başqa sözlə, həyatda pis şeylər də var.
Küləklə bağlı idiomlar
- It’s a breeze
“Breeze” yüngül, mülayim əsinti, mehdir. Sərt şəkildə yox, yüngülcə hərəkət edir.
Soruşa bilərsiniz ki, “Is it hard to learn English weather idioms?” (ingilis dilində hava ilə bağlı idiomları öyrənmək çətindir?)
Deyəcəm ki, “No! It’s a breeze” (Yox. Asandır).
- Something in the wind
Əgər əməkdaşlarınızdan kimsə “there’s something in the wind about us getting new computers” (şayiə gəzir ki, yeni kompüterlər gələcək) deyirsə, havada uçan kompüterlər axtarmayın.
“Something in the wind” sadəcə nəsə baş verəcəyi ilə bağlı bir şayiədir.
- Get wind of (something)
“Get wind of (something)” “something in the wind” ifadəsinə oxşayır.
“Something in the wind” nəyinsə baş verəcəyi ilə bağlı gəzən şayiələr, “get wind of (something)” isə sirli bir şey haqqında təfsilatları eşitmək deməkdir.
Bəzən bu ifadədə “get” əvəzinə “caught” işlənir. Yəni biri sizə belə deyə bilər:
“I caught wind of a change in the head office. Rosy told me last week that Gene was going to get fired.” (Baş ofisdə dəyişiklik olacağını eşitdim. Rozi keçən həftə mənə dedi ki, Gen işdən azad olunacaq.)
- Run like the wind
Külək çox sürətli əsə bilir. Kimsə “run like the wind” deyirsə, bu, cəld hərəkət et deməkdir.
- Scattered to the four winds
Buradakı “four winds”, dörd küləyin hər biri xəritədəki bir istiqaməti təmsil edir: cənub, şimal, şərq və qərb.
Əgər bir şey üçün “scattered to the four winds” ifadəsi işlənirsə, bu, o deməkdir ki, o parçalara ayrılıb. Sonra onun hər bir hissəsi digər hissələrdən çox uzağa göndərilib ki, bir daha bir yerə gələ bilməsinlər.
Bu idiom daha çox bir qrup insan və ya bir qrup şeyin bir yerə gəlməsiylə bağlı danışmaq üçün istifadə olunur.
- Throw caution to the wind
Baş verə biləcək bir şey haqqında narahat olmamağa qərar verəndə, hərəkətlərinin nəticələrini vecinə almayanda, bu ifadəni işlədə bilərsiniz.
Külək hər tərəfə əsib, istiqamətini və ya sürətini dəyişdiyi üçün “thrown to the wind”, küləyə atılan hər şey yoxa çıxır. Təhlükəli və ya ağılsızca olan bir şeyi etməyə qərar qəbul edəndə bu ifadə tez-tez istifadə olunur.
Tufanla bağlı idiomlar
- Calm before the storm
Hər şey yaxşı gedirdi. Sonra qəfildən dəhşətli bir şey baş verdi. Geriyə dönüb baxdıqda pis şeylər baş vermədən öncəki o problemsiz anı “calm before the storm”, yəni fırtınadan əvvəlki səssizlik olaraq təsvir edə bilərsiniz.
- Any port in a storm
Fırtınalar təhlükəlidir. Hava ilə bağlı bir çox idiom, “under the weather” kimi, bu da dənizçilik ənənəsindən gəlir. Böyük, şiddətli fırtınaya tutulan bir gəmi təhlükəsiz liman və ya sığınacaq bir yer axtarıb tapmağa çalışırdı. Bu o deməkdir ki, təhlükə və ya çətinlik gələndə təhlükəsiz yeri harada tapdığımızla bağlı seçim edə bilmərik. Suda boğulan saman çöpündən yapışar.
- Tempest in a teapot
“Tempest” kobud, şiddətli, küləkli fırtına növüdür. Dolu, yağış və ya qar “tempest” küləklərini müşayiət edir.
“Tempest”, yəni qasırğa şiddətli olsa da, bir dəm çaynikinin içinə sığacaq qədər kiçikdirsə, o qədər də qorxulu deyil. Əgər bir hadisəni “tempest in a teapot” deyə təsvir edirsinizsə, yəni bu, kiçik və zərərsizdir, narahat olacaq heç nə yoxdur deməkdir. Digər insanlar isə bu hadisəyə görə çox narahat olur.
Britaniya ingilis dilində “storm in a teacup” da eyni mənada işlənir.
- It’s a perfect storm
Bir çox xoşagəlməz hadisə eyni anda baş verir və nəticəsi dəhşətli olursa, buna “perfect storm” deyilir.
Bu halda “storm” nəsə baş verməsi üçün birlikdə çalışan bir çox fərqli elementlərin hamısını ifadə edir. Burada “perfect”, yəni mükəmməl sözünün işlənməsinə baxmayaraq, “a perfect storm” xoş qarşılanan bir şey deyil.
- Storm off/out
Əsəbləşib həmin yeri cəld tərk etmək istədiyinizdə, başqa bir yerə “storm off” fırtına kimi keçə və ya otaqdan “storm out”, fırtına kimi ayrıla bilərsiniz.
Bu idiomda “storm” qəfil, yüksək enerjili, şiddətli hərəkəti təsvir etmək üçün istifadə olunur.
- Cooking up a storm
Bu həftə sonu şam yeməyi qonaqlığınız üçün tonlarla yemək hazırlayaq? Dostlarınıza deyə bilərsiniz ki, “you”re cooking up a storm” (fırtınalar əsdirmisiniz).
Ancaq hava ilə bağlı bu ifadəni istifadə etməyin tək yolu bu deyil.
Faktiki hava haqqında danışmaq üçün də bu ifadədən istifadə edə bilərsiniz. Məsələn:
“With that wind howling and the sky getting dark, I think it’s really cooking up a storm out there.” (Külək uğuldayır və göy üzü qaralır, məncə fırtına qopacaq.) Buna baxmayaraq, çox vaxt bu ifadədən yemək, əsəb, təlaş və ya həyəcan kimi bir çox şey yaratmaq üçün istifadə edirlər.
Məsələn:
“The drummer was cooking up a storm on those bongos.” (Təbilçi qoşa nağara ilə fırtınalar əsdirirdi.)
Bu, o deməkdir ki, o, bir çox stildə və enerjili çalır.
Başqa bir məsəl:
“John’s nasty remarks started cooking up a storm of anger inside of Ted.” (Conun nalayiq sözləri Tedi əsəbdən partlamaq həddinə çatdırırdı.)
Bu, Conun sözlərinin Tedi getdikcə əsəbləşdirdiyi mənasını daşıyır.
Buz və qarla bağlı idiomlar
- Break the ice
İnsanlarla ilk tanış olduğunuzda dialoqa başlamaq çox qəribə ola bilər. “Ice” (buz) yaxşı tanımadığınız birinin yanında özünüzü narahat hiss etməkdir.
“Break the ice” bir-biri ilə daha rahat danışmağa başlamaq deməkdir. Bu idiom da dənizçilikdən gəlir. Okeanın daha soyuq hissələrində bəzən suyun üzərində buzlar yaranır. Buzqıran gəmi (icebreaker) həmin buzları qırır və digər gəmilər hərəkət edə bilir.
Hətta “icebreaker” mənası buzqıran gəmi olmasına baxmayaraq, ingilis dilində danışan əksər insanlar bu sözü insanların bir-birinə kömək etməsi fəaliyyəti mənasında işlədirlər.
“To break the ice” insanların açılması və danışması üçün bir şey etmək və ya söyləmək deməkdir.
- On thin ice
Heç kəs incə buz üstündə (on thin ice) durmaq istəməz. Bu, olduqca təhlükəlidir, çünki incə buz istənilən an qırıla və dondurucu suya düşə bilərsiniz.
Kimsə sizə “you’re on thin ice” deyirsə, özünüzü təhlükəyə atacaq və ya onları əsəbləşdirəcək nəsə deyib və ya etmisiniz deməkdir. Bunu bir xəbərdarlıq kimi qəbul edin.
- As cold as ice
Bunun mənası isə aydındır. “Something or someone cold as ice” istiqanlı, mehriban olmayan biri deməkdir.
Əgər kimsə üçün “he is as cold as ice” deyirsinizsə, bu, o, laqeyd, hissiz, daşürəklidir deməkdir.
- Keep (someone/something) on ice
Ərzağı buzluğa qoya bilərsiniz, bu, onu uzun müddət qoruyub saxlayacaq. Eyni qaydada siz nəyi isə dondurub, təxirə sala bilərsiniz (“keep something on ice”). Beləliklə, bir müddət onunla maraqlanmalı olmayacaqsınız.
Əgər bir şəxs üçün “keep someone on ice” işlədilirsə, bu, həmin şəxsi nəsə üçün gözlədirsiniz deməkdir. Onunla daha sonra maraqlanacaqsınız.
- Pure as the driven snow
Şekspir “pure as the snow” frazeoloji birləşməsini ilk dəfə “Hamlet”in birinci səhnə, 3-cü pərdəsində istifadə edib. Hamlet Ofeliyanın saflığından bəhs edirdi.
Daha sonra digər yazıçılar bu ifadəyə “driven” sözünü əlavə etdilər. Qar – ”snow” sözünün yanına təmiz və saf qalmaq mənasında bu söz əlava edildi, çünki bu, üzərində heç yerinməmiş qar demək idi. (Əlbəttə, maşınların kəşfindən sonra qarın üzərindən maşın sürüb keçdiyimizdən bəri, bu termin bir az çaşdırıcıdır.)
Sadəcə yadınızda saxlayın ki, “pure as the driven snow” kiminsə tamamilə saf və günahsız olması deməkdir.
- Snow on the roof
Bu, sadəcə metafordur: “A person with snow on the roof” dümağ saçlı adam deməkdir.
“Roof” (dam) burada baş mənasında işlənir.
- Snowball into (something)
Heç qar adamı düzəltmisiniz?
Kiçik bir qar topası ilə başlayır, onu top kimi yumrulayırsınız. Qar topunu yerdə, daha çox qarın içində yumrulamağa davam edirsiniz və o getdikcə böyüyür.
Həyatınızda nəsə “snowballs” (qartopu) edirsə, bu, onun getdikcə böyüməsi, genişlənməsi deməkdir. Bu, sürətli baş verir və getdikcə güc qazanır.
“Snowballing”, yəni böyümə yaxşı və ya pis ola bilər.
Müsbət üçün nümunə:
“Her first few sales of the new product snowballed into a permanent sales job with the company.” (Onun yeni məhsulunun ilk satışları artaraq şirkətlə daimi satış işinə çevrildi.)
Mənfi üçün nümunə:
“One late night snowballed into many more late nights, and soon he struggled to get out of bed.” (Bir gecə yarısını artıq bir çox gecə yarısı əvəz etməyə başladı və o, artıq yataqdan güclə qalxırdı.)
- Snowed under
Özünüzü çovğundan sonra qar üstündə yeriyərkən təsəvvür edin. Əgər qar kifayət qədər dərindirsə, bütün qara bata bilərsiniz. Qar yaş və ağır olduğundan özünüzü çəkib çıxartmaq çətin ola bilər.
İndi isə, bütün bu qarın etməli olduğunuz iş olduğunu düşünün.
“Snowed under” ifadəsi də elə bu mənanı daşıyır, yəni çoxlu işlə yüklənmisiniz və eynən qar kimi bu işlər də sürətlə yığılır.
- Snow job
Qar sürətlə düşə və hər şeyi örtə bilər. O, çirkli şeylərin üstünü örtərək, onları saf və təmiz göstərir.
“Snow job” isə kiminsə bütün gücüylə həqiqəti gizlətməyə çalışmasıdır.
Kiminsə sizə yalan dediyini düşünürsünüzsə, ona belə bir sual verə bilərsiniz: “Are you snowing me here?” (Məni aldatmağa çalışırsan?) Bu ifadə danışıqda gündəlik olaraq işlənir. Nəzakətli olmağa çalışırsınızsa, bundan istifadə etməyin.
Günəşlə bağlı ifadələr
- Make hay while the sun shines
Fermerlər əsasən, hələ gün varkən təsərrüfat işlərini bitirmək üçün yuxudan tez dururlar.
Əgər kimsə üçün “he is trying to make hay while the sun shines” cümləsi işlədilirsə, bu, o deməkdir ki, o, əlində bütün imkanlar varkən işini tamamlamağa çalışır.
- Moment in the sun
Günəşli bir gündə kiminsə çölə çıxdığını və gün işığının ona dəydiyini görmüsünüz? Gün şüaları sanki insanı parıldadır. Əgər “moment in the sun” yaşayırsınızsa, bu, inanılmaz bir şey etmisiniz və buna görə diqqət mərkəzindəsiniz deməkdir.
- Place in the sun
Gözəl bir gündə isti günəş hissi, necə də gözəldir!
“Place in the sun” həyatınızdakı rahat, xoş bir şəraitdir. Bu, hər şeyin qaydasında getdiyi andır və həyatınızdan həqiqətən həzz alırsınız.
- Nothing new under the sun
Bu idiom birbaşa qədim yəhudi və xristian müqəddəs yazılarının qeyd olunduğu bir kitabdan – “Vaiz”dən gəlir. Nə olubsa, elə də olacaq və nə edilibsə, elə də ediləcək. (Nothing new under the sun) Günəşin altında heçnə yeni qalmır. (Vaiz 1:9)
Hər birimiz həyatda özümüz üçün yeni şeylər öyrənir və yeni ideyalar kəşf edirik. Yenə də, bir çox insan bizdən qabaq gəldi, kəşf etdi və öyrəndi. Hətta dünyanın çox dəyişməsinə baxmayaraq, tamamilə yeni bir ideya, düşüncə çox nadir tapılır (o da əgər varsa).
- Everything under the sun
Günəş bütün dünyanı işıqlandırdığından bəri “under the sun” ifadəsi Yer kürəsindəki hər şeydən bəhs etmək üçün istifadə olunur. “You’ve tried everything under the sun” sən edə biləcəyin hər şeyi etməyə çalışdın deməkdir. Bütün yolları artıq sınamısan.
“They owns everything under the sun”- bu cümlə isə onların bir çox çıxış yolu var mənasına gəlir.
- To think the sun rises and sets (on someone)
Bu idiomun izahı, kiminsə dünyadakı hər kəsdən daha önəmli və xüsusi olduğunu düşünməkdir.
Bir şəxsə elə heyran olursunuz ki, sanki günəş onun ətrafında dövr edir.
Artıq ingilis dilində hava ilə bağlı idiomlar haqqında bacardığımız qədər hər şeydən (everything under the sun) bəhs etdiyimizə görə, növbəti söhbətimizdə onlardan bəzilərini söhbətə başlamaq (to break the ice) üçün istifadə edə bilərik. (It’ll be a breeze!) Asan olacaq!
Ümid edirəm ki, bloqum sizin üçün faydalı olacaq. “Rəy” bölməsinə qeydlərinizi və rəylərinizi yazmağınızı unutmayın. Hələlik isə salamat qalın.