İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol.
Bu gün sizə ingilis dilində “adverb” adlandırılan zərflərdən danışacağıq. Biz zərflərə bir çox cümlələrdə rastlaşırıq. Bu məqsədlə bu bloq yazımızda tez-tez qarşımıza çıxan zərflərdən danışacağıq ki, onları cümlədə görəndə asanlıqla tanıya və digər nitq hissələrindən ayırd edə biləsiniz. Digər tərəfdən, zərflərin istifadəsi cümləyə zənginlik qatdığı üçün onları öyrənmək və istifadə etməklə nitqinizi, dilinizi inkişaf etdirə bilərsiniz.
Cümlədə zərfləri necə ayırd edə bilərəm?
Əslində hər hansısa bir cümlədə zərfin olub-olmadığını anlamaq çox asandır. Zərfi tapmaq üçün cümlədəki hərəkətə (felə) diqqət yetirmək lazımdır. Əgər hərəkətin tərzi, kəmiyyəti, zamanı, və s. kimi əlamətləri verilibsə, deməli o əlamətlər zərfdir. Qısa bir deyimlə, zərf hərəkətin tərzini, kəmiyyətini, yerini, zamanını, vəziyyətini bildirən nitq hissəsidir. Gəlin, bir nümunəyə nəzər salaq: I visit to my parents frequently. – Valideynlərimə tez-tez baş çəkirəm. Buradakı feil to visit (baş çəkmək) üçün zaman zərfi olan frequently istifadə edilib.Tez-tez, sıx şəkildə mənasını verir və zaman zərfidir. Zərf hərəkətin əlamətini və yaxud hərəkətin hansı şəraitdə, nə halda, harada, necə, nə zaman icra olunduğunu göstərən nitq hissəsinə deyilir. Zərf how? (necə?), why (niyə?), when? (nə zaman?), where (harada?), how much (nə qədər?) suallarından birinə cavab verir.–ly zərf düzəldən şəkildir.
İngilis dilində quruluşuna görə zərflər
İngilis dilində zərflər quruluşuna görə sadə, düzəltmə və mürəkkəb (tərkibi) olmaqla 3 yerə bölünür.
1) Sadə zərflər – Simple Adverbs
Sadə zərflər heç bir sözdüzəldici şəkilçi olmadan sadəcə kökdən ibarət olan şəkilçilərdir. Bunlara nümunə olaraq: Here – burada, buraya; Now – indi; Ago – əvvəl, qabaq; Before – əvvəl və s.
2) Düzətmə zərflər – Derivative Adverbs
Düzətmə zərflər sifətin sonuna –ly şəkilçisi əlavə etməklə düzəlir. Ancaq bəzi düzəltmə zərflər başqa nitq hissələrindən (isimdən) düzəlir:
Week (həftə) – weekly (həftəlik)
İstisna olaraq ingilis dilində sonu – ly şəkilçisi ilə bitən bəzi sifətlər də mövcuddur:
– Silly – axmaq
– Lively – canlı
– Fiendly – səmimi
– Elderly – yaşlı
Bunlarla yanaşı hətta bəzi sözlər də var ki, həm sifət, həm də zərf kimi istifadə olunurlar. Bunlar əşyanı təyin etdikdə sifət, hərəkəti və əlamətə aid olduqda isə zərf kimi işlənirlər. Sifət və zərf kimi işlədilən sözlərə nümunə olaraq: early, daily (gündəlik), fast (sürətlə), little (az, balaca), low (boyca alçaq) straight (düz, birbaşa).
3) Mürəkkəb zərflər – Compound Adverbs
İki sözün birləşməsindən əmələ gəlir: Anyhow – birtəhər, Sometimes – hərdənbir, Nowhere – heç yerdə
Tərkibi zərflər – Composite Adverbs
İki və daha çox sözdən ibarət olurlar: at once, – dərhal; one by one – bir – bir; once upon a time – biri var idi, biri yox idi.
Zərfin mənaca növləri
Zərfin mənaca altı növü vardır.
1) Hərəkətin nə zaman baş verdiyini bildirən zaman zərfləri: today – bu gün; now – indi; tomorrow – sabah; before – əvvəl; after – sonra; yesterday – dünən; then – o zaman; since – bəri
2) Hərəkətin yerini bildirən zərflər: here – burada; inside – içəridə; outside – bayırda; somewhere – hardasa; everywhere –hər yerdə; where – harada
3) Hərəkətin səbəbini, nəticəsini bildirən zərflər: therefore – ona görə də; accordingly – görə; consequently – nəticədə, odur ki;
4) Hərəkətin tərzini, necə baş verdiyini bildirən zərflər: daily – gündəlik; quickly – tez, cəld; well – yaxşı; slowly – yavaş-yavaş
5) Hərəkətin təkrar edilməsini göstərən zərflər: often – tez-tez; seldom – nadir hallarda; scarcely – az qala, yenicə;
6) Hərəkətin dərəcəsini, ölçüsünü bildirən zərflər: nearly – təxminən, demək olar ki; hardly – güclə; entirely – tamamilə; enough – kifayət qədər; scarcely – çətin ki; a lot – çox; almost – demək olar ki; at all – heç, qətiyyən; rather – kifayət qədər
QEYD: Bir sıra zərflər bağlayıcı kimi də işlədilir:
– too – da, də, həmçinin
– also – da, də, həmçinin
– as well – da, də, həmçinin
– either – da, də, həmçinin (inkarda)
– just – elə, məhz
Zərf barədə istisnalar
Bəzi fellər var ki, onlardan sonra zərf deyil, sifət işlənir. Həmin fellərə nəzər salaq:
1) To look: görsənmək mənasında: She looks happy. – O, xöşbəxt görünür.
2) To feel: hiss etmək: I feel lonely. – Mən özümü yalqız hiss edirəm.
3) To smell: iy vermək: The meals smell nice. – Güllər gözəl iylənir.
4) To taste: dadmaq: The meal tastes bad. – Yemək pis dadır.
5) To sound: səslənmək: It sounds good. – Bu yaxşı səslənir.
6) To be: olmaq: I am tired. – Mən yorğunam.
QEYD: feel well – yaxşı hiss etmək kimi də işlənə bilər.
7) Zərf sifətdən və ya başqa bir zərfdən əvvəl işlədilə bilir:
-Seriously ill
-Terribly sorry
-Quite well
-Quite badly
-Pretty cold
-Reasonably cheap
8) Hard həm sifət, həm də zərf kimi işlənə bilir. Lakin hardly – çətinliklə mənasında feillə birgə zərf funksiyasında işlənir:
A hard worker – sifət
She works hard – zərf
9) Keçmiş zaman feili sifətlərinin qarşısında yaxşı mənasında “well” işlənə bilir:
Well – dressed
Well – built
10) Müasir İngilis dilində ancaq keyfiyyət zərfininin dərəcə kateqoriyası var. Zərfin müqayisə və üstünlük dərəcəsi sifətin müqayisə və üstünlük dərəcəsi kimi əmələ gəlir. Təkhecalı zərflərin və eləcə də early zərfinin müqayisə dərəcəsi –er, üstünlük dərəcəsi –est şəkilçisi ilə düzəlir. Ancaq sifətdən fərqli olaraq zərfin üstünlük dərəcəsində the artiklı işlənmir.
Həm sifət, həm zərf olan sözlərin dərəcə kateqoriyaları:
late- later latest
soon- sooner soonest
early- earlier earliest
hard harder hardest
11) Sifətə -ly şəkilçisini əlavə etməklə əmələ gələn düzəltmə zərflərin müqayisə dərəcəsi more, üstünlük dərəcəsi most ilə düzəlir.
clearly – aydın- more clearly, most clearly
correctly – doğru -more correctly, most correctly
Zərfin dərəcələrin işlənmə yerləri
1) As…as (kimi); not as..as, not so…as ( kimi deyil) bağlayıcılarının arasında sifət kimi zərfdə adi dərəcədə işlənir:
He can’t speak English so well as his friend does – O, dostu kimi ingiliscə yaxşı danışa bilmir.
2) Than (-dan/dən) bağlayıcısından əvvəl isə müqayisə dərəcəsi işlənir:
He runs more quickly than you do. – O, səndən daha cəld qaçır.
You speak English worse than me – Sən ingiliscə məndən pis danışırsan.
3) Üstünlük dərəcəsində isə bəzən of all (hamıdan, hamısından) birləşməsi işlənir, bəzən isə işlənmir.
My friend speaks English best of all. – Dostum ingiliscə hamıdan yaxşı danışır.
Cümlədə zərfin yeri
– Cümlədə təsirsiz feil olduqda tərzi-hərəkət zərfi bilavasitə feildən sonra gəlir.
She was walking slowly – O yavaş yavaş addımlayırdı.
– Cümlədə təsirli feil olduqda zərf ya feildən əvvəl, ya da tamamlıqdan sonra gəlir.
He read [red] the poem loudly / he loudly read [red] the poem – O, ucadan şeir oxudu.
– Cümlədə feildən (xəbərdən) sonra məsdər olduqda zərf feildən əvvəl gəlir.
He seriously began to study. – O ciddi oxumağa başladı.
– Qeyri-müəyyən zaman zərfləri: always, often, seldom, ever, never, just, already, sometimes, soon və.s feildən əvvəl (sometimes hərdən mübtədanın qabağındada işlənir) gəlir.
Ümid edirəm ki, bu məqalə sizin üçün faydalı oldu, bəyənməyi və şərh yazmağı unutmayın.